15 Oktyabr 2021

İşğaldan azad olunmuş ərazilərə ilk konteyner blok qatarı yola salınıb

İşğaldan azad olunmuş ərazilərə ilk konteyner blok qatarı yola salınıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilk dəfə olaraq TURKUAZ layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə - Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşımasını həyata keçirir. Qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir. 

28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur. Qatar Azərbaycana çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.  

TURKUAZ layihəsi “ADY Konteyner”-in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur.