Astara terminalı, İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir.
Azərbaycan və İran Hökumətlərarası razılaşmaya əsasən 2017-ci ildə Terminalın inşasına start verilib.
Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan Astara terminalı 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminallar modulunun inşaat işləri davam etməsinə baxmayaraq, artıq terminalın bir neçə modulu hazırdır və 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir.
Astara terminalında yükaşırma əməliyyatları “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC tərəfindən aparılır.
2021-ci ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 350 686 ton və ya 8112 vaqon təşkil edib.
Orta hesabla 2021-ci il ərzində Astara terminalında gündəlik aşırılan yüklərin həcmi 1128 ton və ya 26 vaqon təşkil edib.
Yüklərin növünə gəldikdə, 2021-ci il ərzində aşırılan yüklərin 38% taxta və taxta məmulatları, 22% meyvə - tərəvəz, 19% konteyner, 9% tikinti materialları (klinker, sement və kafel), 6% dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 7% isə digər yüklərə aid olub.
Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara yük terminalından keçən yüklərin əksəriyyəti Rusiya və İrana aiddir. 2021-ci ildə buradan keçən yüklərin 74% Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.
Məlumatların son yenilənməsi tarixi: 15 aprel 2022-ci il