Beynəlxalq dəhlizlər

İstiqamət
  • Əfqanıstan
  • Türkmənistan
  • Xəzər Dənizi
  • Azərbaycan
  • Gürcüstan
  • Türkiyə / Qara Dəniz
  • Avropa

“Lapis-Lazuli” (Lazurit) marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə arasında beştərəfli saziş 2017-ci il noyabrın 15-də Aşqabadda imzalanıb. Sənəddə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz) modernləşdirilməsi, həmçinin gömrük rəsmiləşdirilməsi proseduralarının asanlaşdırılması nəzərdə tutulur. Saziş razılıq əldə edən tərəflərin ərazisindən yüklərin fasiləsiz daşınmasına, nəqliyyatın tranzit hərəkəti ilə bağlı məsələlərin və proseduraların sadələşdirilməsinə şərait yaradır, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir.

Nəqliyyat dəhlizinin “Lazurit” adlanması iki min il əvvəl bu marşrutla əfqan lazuriti və digər yarımqiymətli daşların Qafqaza, Balkan ölkələrinə, Şimali Afrikaya və Avropaya daşınması ilə əlaqəlidir.

2018-ci ildə Əfqanıstanın Herat şəhərində Lazurit dəhlizi üzrə yükdaşımalara start verilib.

Lazurit dəhlizi layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək üçün şərait yaradacaq. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına, həmçinin sürətli və ucuz daşımalar hesabına alıcı ölkələrə malları daha ucuz qiymətə əldə etməyə imkan verəcək.

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi daha çox Asiya qitəsi üçün aktual olan bir sıra iqtisadi məsələlərin həllində açar rolunu oynayacaq. Yeni marşrut regionda istehsalın artmasına kömək edəcək, Əfqanıstan iqtisadiyyatının dirçəlməsinə müsbət təsir göstərəcək. Artıq yaxın zamanda nəqliyyat layihələri Əfqanıstanın və bütün regionun iqtisadi inkişafına güclü təkan verəcək.

Lapis-Lazuli Marşrutu