30 Dekabr 2021

Siandan Bakıya növbəti konteyner qatarı çatıb

Siandan Bakıya növbəti konteyner qatarı çatıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “ADY Konteyner” şirkəti bu ölkədə yeni əməkdaşlığa start verib. Belə ki, İqtisadiyyat Nazirliyinin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Xian Free Trade Port Construction and Operation Co.” şirkəti ilə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yük daşımalarının həyata keçirilməsi üzrə müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində Siandan Bakıya növbəti konteyner blok qatarının çatdırılması həyata keçirilib.

Qatar Çindən dekabr ayının 6-da yola salınıb. Hava şəraiti ilə əlaqədar konteynerlərin Xəzər dənizi ilə Aktau limanından Bakıya çatdırılmasında bir neçə günlük ləngimə yaranıb. Azərbaycana müxtəlif təyinatlı yüklər gətirən, hər biri 40 futluq olmaqla 50 konteynerdən ibarət qatar Bakıya dekabrın 29-da çatıb. Konteynerlər Bakıya Xəzər Dəniz Gəmiçiliyinin “Qaradağ” fider gəmisi vasitəsilə gətirilib.

Müqavilə çərçivəsində Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə 2022-ci il ərzində müntəzəm olaraq konteynerlərlə yük daşımaları həyata keçiriləcək.

Qeyd edək ki, Çin şirkətləri ilə əməkdaşlıq 2019-cu ilin aprelində “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində Pekində “Azərbaycan Dəmir Yolları” QSC ilə əldə edilən nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşmasından sonra daha geniş vüsət alıb.