Cənub-Qərb Nəqliyyat Dəhlizi

Cənub-Qərb Nəqliyyat Dəhlizi

Cənub-Qərb Nəqliyyat Dəhlizi

Dəhliz 2016-cı ilin əvvəlində yaradılıb. Cənub-Qərb nəqliyyat dəhlizi Fars körfəzi/Hindistan–İran–Azərbaycan–Gürcüstan–Ukrayna–Avropa (və ya Türkiyə–Avropa) coğrafi marşrutu üzrə fəaliyyət göstərir. Dəhliz “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-in təşəbbüsü ilə yaradılıb. Marşrutun təqdimatı 12 yanvar 2016–cı ildə Bakıda baş tutub. Elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukrayna dəmir yolları və dəniz limanları müəssisələri arasında müzakirələr aparılıb və dəhlizin inkişafına dair Protokol imzalanıb. Bu sənədə əsasən, sözügedən dəhlizin tam adı “Fars körfəzi–İran Astara və Xəzər dənizi–Qara Dəniz–Avropa” olaraq müəyyən edilib.

Mumbay–Bəndər Abbas–Qəzvin–Astara (İRİ)–Astara (AZ)–Poti/Batumi marşrutu üzrə yükdaşımaların sonradan Ukrayna (Odessa–İliçevsk), Rumıniya (Konstansa) və Bolqarıstan (Burqas) limanlarına qədər uzadılması perspektivləri müzakirə olunaraq istiqamətlər üzrə ilkin tariflər müəyyənləşdirilib.

Cənub-Qərb dəhlizinin digər alternativ marşrutlarla (xüsusilə, Süveyş kanalından keçməklə dəniz yolu ilə) müqayisədə əsas üstünlüyü tranzit məsafəsini və vaxtını təxminən üç dəfə azaltmasıdır. Belə ki, əgər Fars körfəzi və Hindistandan Avropaya dəniz yolu ilə daşıma (“oceanic freight”) təqribən 35-37 gün təşkil edirsə, Cənub-Qərb dəhlizi marşrutunda bu müddətin perspektivdə 10-12 gün təşkil edir.

Bu dəhliz İran, Azərbaycan, Gürcüstan və Ukrayna ərazisindən keçməklə Hindistandan (əsasən Mumbay və Nova Şeva dəniz limanlarından) Avropaya (Rotterdam, Baltik dənizi, Şimali Avropa, Rusiya istiqamətlərində) və əks istiqamətdə yüklərin daşınmasındakı vaxt itkisini azaldır. Cənub-Qərb dəhlizinin yaradılması yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün yeni imkanlar yaradacaq.

Cənub-Qərb marşrutu Avropa İttifaqı ölkələri və Ukrayna ilə Hindistan, İran və Fars körfəzi ölkələri arasındakı ticarət dövriyyələrinin müəyyən hissəsini təşkil edən yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb dəhlizinin inkişaf perspektivi İranın xarici ticarət dövriyyəsinin artırılmasına imkan yaradır. İranın Fars körfəzində yerləşən Bəndər-Abbas limanından başqa Oman körfəzi sahilində yerləşən yeni Çabahar limanının tam gücü ilə istismara verilməsi Cənub-Qərb dəhlizinə əlavə yüklərin cəlb edilməsi üçün imkanlar yaradacaq. Azərbaycanın “ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başlayıb. Şimal-Cənub dəhlizinin tamamlanması, eləcə də Cənub-Qərb dəhlizinin potensialının tam istifadəsi üçün çatışmayan Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xətlərinin mümkün qədər tez bir zamanda inşası Hindistanın bu dəhlizə daha əlverişli şərtlərlə cəlb edilməsi baxımından həlledici rol oynayacaq.

İstiqamət
  • Hindistan Hindistan

    Cənub-Qərb Dəhlizinin başlandığı əsas ticarət mənbəyi.

  • Fars Körfəzi Fars Körfəzi

    Hindistan və İran arasındakı dəniz yolu bağlantısını təmin edən mühüm su yolu.

  • İran İran

    Yüklərin Fars Körfəzindən Azərbaycan və Gürcüstana keçidini təmin edən ölkə.

  • Azərbaycan Azərbaycan

    Cənubdan gələn yüklərin qərbə doğru hərəkətində əsas tranzit ölkəsi.

  • Gürcüstan Gürcüstan

    Yüklərin Avropa və Qara dənizə çıxışını təmin edən strateji keçid nöqtəsi.

  • Türkiyə / Qara Dəniz Türkiyə / Qara Dəniz

    Qərbə və Avropaya keçidi təmin edən mühüm nəqliyyat qovşağı.

  • Avropa Avropa

    Cənub-Qərb Dəhlizinin son məntəqəsi və əsas ticarət hədəfi.

Cənub-Qərb Nəqliyyat Dəhlizi